11:52 - 7.10.2026
7 oktyabr, Fineko/abc.az. 2026/2027-ci tədris ili üzrə ali məktəblərdə boş qalan dövlət sifarişli yerlər ödənişli əsaslarla qəbul olunan tələbələrin hesabına doldurulub.
Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına görə, müvafiq ixtisaslara ödənişli əsaslarla qəbul olunan tələbələr arasında topladıqları ballara əsasən əlavə müsabiqə keçirilib.
Nəticədə bakalavriat səviyyəsində 1870 tələbə dövlət hesabına (ödənişsiz) təhsil almaq hüququ əldə edib. Həmin tələbələrin siyahısı müvafiq tədbirlərin görülməsi üçün ali təhsil müəssisələrinə göndərilib. Tələbələrə həmçinin “Şəxsi kabinet”lərində qeyd etdikləri mobil nömrələr vasitəsilə məlumat verilib.
Bundan əvvəl magistratura səviyyəsində də boş qalan dövlət sifarişli yerlər üzrə əlavə müsabiqə keçirilib və 195 nəfər ödənişli təhsildən dövlət sifarişi əsasında təhsilə keçmək hüququ qazanıb. Beləliklə, bakalavriat və magistratura üzrə ümumilikdə 2065 tələbə ödənişsiz təhsil almaq imkanı əldə edib.
DİM sədri Məleykə Abbaszadənin sözlərinə görə, hər il müxtəlif səbəblərdən dövlət sifarişi üzrə müəyyən sayda yer boş qalır. Bu səbəblərdən biri dövlət sifarişi qazanan bəzi şəxslərin xarici universitetlərdən təqaüd və digər imkanlar əldə edərək təhsillərini xaricdə davam etdirməsidir. Boş qalan yerlərin ödənişli əsaslarla qəbul olunan tələbələr arasında əlavə müsabiqə yolu ilə bölüşdürülməsi həmin yerlərin yenidən tələbələrin təhsilinə yönəldilməsinə imkan verir.
Qeyd edək ki, 2026/2027-ci tədris ili üzrə ali məktəblərə qəbulun əsas mərhələsində 28 108 nəfər dövlət sifarişi, 317 (o cümlədən 58 subbakalavr) nəfər isə dövlət hesabına qəbul olunmuşdu.
7 Oktyabr 2026
7 Oktyabr 2026
7 Oktyabr 2026
7 Oktyabr 2026
7 Oktyabr 2026
5 Oktyabr 2026