Nvidia birjaları coşdurdu: Şirkətin dəyəri 442 milyard dollar artdı

10:50 - 28.08.2026


28 avqust 2026-cı il, Fineko/abc.az. Süni intellekt nəhəngi "Nvidia"nın gözləntiləri üstələyən maliyyə proqnozları texnologiya səhmlərində kəskin artıma səbəb olub.

Şirkətin səhmləri təxminən 9% dəyər qazanaraq bazar kapitalizasiyasını 442 milyard dollar artırıb. Növbəti maliyyə ilində gəlirlərin 70% artacağı gözləntisi fonunda "Salesforce" və "CrowdStrike"ın uğurlu nəticələri ilə birlikdə "Nasdaq 100" indeksi 1,4% yüksəlib.

Bununla belə, ABŞ Federal Ehtiyat Sisteminin (FED) sədri Kevin Uorşun  bugünkü çıxışı öncəsi investorlar ehtiyatlı davranır. Flaqman indekslərdə artım müşahidə olunsa da, fyuçerslər və Asiya birjaları daha təmkinli dinamika nümayiş etdirir. Cənubi Koreyanın "Kospi" indeksi 1,3% geriləyib. ABŞ-nin 2 illik xəzinə istiqrazlarının gəlirliliyi 4,23% səviyyəsində sabit qalıb, "Bloomberg" Dollar İndeksi isə demək olar ki, dəyişməz qalıb.