Google "Gemini"nin aylıq aktiv istifadəçilərinin sayı 1 milyardı keçib

22:11 - 12.08.2026


12 avqust, Fineko/abc.az. "Google" şirkətinin baş icraçı direktoru (CEO) Sundar Piçay sosial şəbəkə hesabında "Gemini" tətbiqinin şirkətin ən sürətlə böyüyən məhsullarından birinə çevrildiyini və aylıq 1 milyard aktiv istifadəçi həddini keçdiyini açıqlayıb.

Şirkət Axtarış (Search) və "Workspace" platformalarından tutmuş "Android" əməliyyat sisteminə qədər bütün məhsullarına "Gemini" sistemini ardıcıl şəkildə inteqrasiya etməkdə davam edir.

Təqdim olunan statistikaya əsasən, "Gemini" vasitəsilə hər gün 150 milyondan çox təsvir yaradılır və istifadəçilərin 63%-i birbaşa səs funksiyasından istifadə edərək rəqəmsal köməkçi ilə ünsiyyət qurur. "Google" ekosistemindən kənarda da böyüməsini sürətləndirən tətbiq artıq "iOS" platformasında da 100 milyondan çox aktiv istifadəçi bazasına sahibdir.

Eyni zamanda, kod yazma və avtonom süni intellekt tapşırıqlarını təkmilləşdirmək üçün "Gemini 3.5 Flash" kimi yeni modellər təqdim edən "Google"un gündəlik aktiv istifadəçi sayı son bir ildə üç dəfə artıb.