21:54 - 28.07.2026
28 iyul, Fineko/abc.az. «Meta Platforms» və «BlackRock» Texas ştatında 1 giqavat gücünə malik data mərkəzi kompleksinin inşası və idarə edilməsi üçün birgə müəssisə təsis edirlər.
«Meta»nın yaydığı məlumata görə, El-Paso şəhərindəki mərkəzin tikinti və inkişaf xərcləri təxminən 14 milyard dollar təşkil edəcək. Təsisatın 2028-ci ildə fəaliyyətə başlaması planlaşdırılır və ilk mərhələdə yeganə icarəçi «Meta»nın özü olacaq. Layihədə «BlackRock» fondları 80%, «Meta» isə 20% paya sahib olacaq.
Sazişin şərtlərinə əsasən, «Meta» ilk mərhələdə layihəyə 2,3 milyard dollar dəyərində torpaq sahəsi və digər aktivləri daxil edəcək, həmçinin 1 milyard dollar birdəfəlik ödəniş alacaq. «BlackRock» isə təxminən 4,9 milyard dollar nağd vəsait yatıracaq. Bu məbləğin bir hissəsi 12,5 milyard dollarlıq borc maliyyələşməsi (kredit) hesabına təmin ediləcək.
El-Paso layihəsi «Meta»nın süni intellekt (AI) infrastrukturlarını genişləndirmək və hesablama güclərini artırmaq məqsədilə başladığı «Meta Compute» təşəbbüsünün bir hissəsidir. Layihə çərçivəsində «Meta» obyekt üzrə uzadılma opsiyası ilə 4 illik icarə müqaviləsi imzalayacaq.
Xatırladaq ki, süni intellektə artan tələbat və avadanlıq qiymətlərinin bahalaşması fonunda «Meta» bu il üçün illik xərclər (CapEx) proqnozunu 125 milyard dollardan 145 milyard dollara qaldırıb.