Bloomberg: “Apple” öz cihazlarını icarəyə verməyi planlaşdırır

14:23 - 22.07.2026


22 iyul, Fineko/abc.az. “Apple” öz cihazları üçün lizinqlə satış proqramını işə salmağa hazırlaşır.

Bu barədə Bloomberg mənbələrə istinadən məlumat yayıb.

Apple Upgrade proqramının iyulun 28-də istifadəyə verilməsi planlaşdırılır. Proqram iPhone, Mac, iPad və Apple Watch modellərinin əksəriyyətini əhatə edəcək. Agentliyin məlumatına görə, proqramın maliyyə tərəfdaşı “Klarna Group” olacaq. Bu xəbərin fonunda şirkətin səhmləri 11% artaraq 20,78 dollara çatıb.

Apple Upgrade xidməti ABŞ-da həm mağazalarda, həm də onlayn abunə modeli ilə təqdim olunacaq. İstifadəçilər cihazı vaxtından əvvəl ödəyə, yeniləyə, satın ala və ya müddət bitdikdə geri qaytara biləcəklər. iPhone və Apple Watch üçün lizinq müddəti 24 ay, Mac və iPad üçün isə 36 ay olacaq. Proqramdan istifadə üçün kredit tarixçəsinin yoxlanılması tələb olunur.

Proqram AppleCare xidmətini əhatə etmir, bütün cihazlara şamil olunmur və korporativ, eləcə də təhsil alışları üçün nəzərdə tutulmayıb. Apple bu xidməti qiymət artımı fonunda aylıq ödənişləri azaltmaq vasitəsi kimi təqdim edir və Klarna ilə əməkdaşlıq edərək maliyyə risklərindən yayınır.