ABŞ məhkəməsi "Anthropic" şirkətinin 1,5 milyard dollarlıq müəllif hüquqları sazişini təsdiqləyib

22:03 - 21.07.2026


21 iyul, Fineko/abc.az. ABŞ-ın federal hakimi Arazeli Martines-Olqin süni intellekt tədqiqatları aparan "Anthropic" şirkətinin müəllif hüquqlarının pozulması iddiası üzrə əldə etdiyi 1,5 milyard dollarlıq barışıq sazişini yekun olaraq təsdiqləyib.

Qərara əsasən, "Claude" süni intellekt modellərinin təlimində 500 minə yaxın kitabdan icazəsiz istifadə edildiyi üçün şirkət müəllif və naşirlərə hər əsərə görə 3 000 dollar kompensasiya ödəyəcək.

Şərhlərdə bunun tarixən açıqlanan ən böyük müəllif hüquqları kompensasiyası olduğu qeyd edilib. Bu iddia "OpenAI", "Meta" və "Google" kimi İT giqantlarına qarşı müəllif hüquqları ilə bağlı qaldırılan işlər arasında ABŞ-da barışıqla yekunlaşan ilk iri qanuni sazişdir.