"Xalq Bank"ın xalis mənfəəti təxminən 2 dəfə, aktivləri isə 18% azalıb — Hesabat

16:40 - 15.07.2026


15 iyul, Fineko/abc.az. Azərbaycanın aparıcı banklarından biri olan "Xalq Bank" ASC 2026-cı ilin I yarısının maliyyə nəticələrini açıqlayıb. Açıqlanan rəqəmlər bankın əksər əsas göstəricilərində kəskin geriləmə olduğunu göstərir.

Hesabata əsasən, cari ilin ilk altı ayında bankın xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 49,3% (təxminən 2 dəfə) azalaraq 13,489 milyon manata düşüb. Maliyyə göstəricilərinin pisləşməsinə əməliyyat gəlirlərinin 5,4% (121,06 milyon manatadək) azalması və əməliyyat xərclərinin 17,5% (99,728 milyon manatadək) artması səbəb olub.

Eyni zamanda, bankın digər əsas göstəriciləri də mənfi tendensiya nümayiş etdirib:

Aktivlər: İllik müqayisədə 17,7% azalaraq 2 832,274 milyon manata enib.

Kredit portfeli: Müştərilərə verilən xalis kreditlər son 1 ildə 3,7% kiçilərək 1 730,275 milyon manat təşkil edib.

Öhdəliklər və Depozitlər: Bankın öhdəlikləri 20,6% azalıb, depozit portfeli isə 7,3% geriləyərək 1 700,781 milyon manata düşüb.

Balans kapitalı: Nizamnamə kapitalının 7,5% (446,6 milyon manatadək) artırılmasına baxmayaraq, ümumi balans kapitalı 1,9% azalaraq 523,78 milyon manat olub.