16:24 - 3.07.2026
3 iyul, Fineko/abc.az. Azərbaycan və Tacikistan Ələt azad iqtisadi zonasının və Tacikistanın beş azad iqtisadi zonasının ərazisində ixracyönümlü məhsulların istehsalına iki ölkə şirkətlərinin cəlb edilməsi imkanını nəzərdən keçirir.
Bu barədə "Report"a müsahibəsində Tacikistanın Azərbaycandakı səfiri İlhom Abdurahmon bildirib.
Onun sözlərinə görə, müvafiq tapşırığı Hökumətlərarası Komissiya (21 may 2026-cı il tarixli iclasda - red.) iki ölkə arasında investisiya əməkdaşlığının genişləndirilməsi üzrə işlər çərçivəsində verib.
O qeyd edib ki, tərəflər birgə layihələrin həyata keçirilməsi mexanizmlərini müəyyən edəcək "yol xəritəsi" hazırlamalıdırlar.
"Hazırda Tacikistan və Azərbaycan arasında birgə müəssisələrin yaradılması və sənaye kooperasiyasının inkişafı üzrə qarşılıqlı fəaliyyət mərhələli şəkildə inkişaf edir və getdikcə daha çox tətbiqi xarakter alır. Bu kontekstdə 2025-ci il iyulun 9-u Düşənbə şəhərində I Beynəlxalq Tekstil Forumu çərçivəsində Azərbaycanın Tekstil Sənayesi Assosiasiyası ilə Tacikistanın Pambıq və Tekstil Assosiasiyası arasında davamlı kənd təsərrüfatı, ipəkçilik və ticarət daxil olmaqla, tekstil sənayesinin inkişafı üzrə birgə fəaliyyəti nəzərdə tutan Anlaşma Memorandumu imzalanmışdı. Bu, tekstil sənayesində əməkdaşlığın artıq praktiki səviyyəyə keçdiyini və gələcək inkişaf üçün möhkəm institusional əsasa malik olduğunu təsdiqləyir", - İ.Abdurahmon deyib.
Səfirin sözlərinə görə, pambıqçılıq sahəsində də əməkdaşlıq inkişaf edir: "Azərpambıq" MMC artıq bir sıra Tacikistan şirkətləri ilə texniki pambıq xammalının tədarükü üzrə müqavilələr bağlayıb. Eyni zamanda, "TALKO" ASC və "Azəralüminium" MMC birgə investisiya imkanlarını araşdırmağa davam edirlər, bu da sənaye kooperasiyasının gələcək inkişafı üçün əsas ola bilər.
"Müddətlər barədə danışsaq, hazırkı mərhələdə tərəflər, ilk növbədə, layihələrin praktiki hazırlığına, biznesin iştirak mexanizmlərinin razılaşdırılmasına və gələcək qərarlar üçün dayanıqlı əsasın formalaşmasına diqqət ayırıblar", - o əlavə edib.