AMB-dən kreditlərlə bağlı yeni qərar - Detallar

09:55 - 25.06.2026


25 iyun, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı məsafədən verilən istehlak kreditləri üzrə yeni təhlükəsizlik tələbləri tətbiq edib. Qərara əsasən, banklar və bank olmayan kredit təşkilatları (BOKT) müştərilərə onlayn kredit rəsmiləşdirilməsini və kredit limitinin məsafədən artırılmasını bloklamaq imkanı yaratmalıdır.

ABC.AZ xəbər verir ki, bununla bağlı AMB-nin İdarə Heyəti 28 aprel 2026-cı il tarixdə qərar verib.

2026-cı il oktyabrın 1-dən qüvvəyə minəcək dəyişikliklərə görə, vətəndaşlar yazılı müraciət əsasında öz adlarına məsafədən istehlak krediti müqaviləsinin bağlanmasına və ya kredit limitinin artırılmasına bütün satış kanalları üzrə məhdudiyyət qoya biləcəklər. Bu məhdudiyyət yalnız müştərinin fiziki iştirakı, gücləndirilmiş elektron imzası və ya gücləndirilmiş müştəri autentifikasiyası ilə təqdim olunan müraciət əsasında ləğv edilə biləcək.