Taxılçılıqda əsas hədəf buğda və arpa məhsuldarlığının yüksəldilməsidir - Nazir müavini

12:16 - 22.06.2026


22 iyun, Fineko/abc.az. Taxıl silolarının tutumu 2,05 milyon tona çatdırılacaq.

ABC.AZ xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli "Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində keçirilən Şirvan-Salyan iqtisadi rayonu üzrə regional müşavirədə deyib.

Onun sözlərinə görə, taxılçılıqda əsas hədəf buğda və arpa məhsuldarlığının yüksəldilməsi, yerli istehsal hesabına ərzaqlıq buğda təminatının artırılması və fermerlərin gəlirliliyinin yaxşılaşdırılmasıdır:

"Suvarılan taxıl sahələrində lazer hamarlama, sprinkler və digər müasir suvarma üsullarının tətbiqi nəzərdə tutulur. Məhsul yığımının vaxtında və itkisiz aparılması da mühüm vəzifə kimi çıxış edir. Bu məqsədlə kombaynların rayonlar və təsərrüfatlar üzrə düzgün yerləşdirilməsi, yığım qrafiklərinin əvvəlcədən hazırlanması və texnikadan birgə istifadə mexanizmlərinin formalaşdırılması məhsul itkilərinin azaldılmasına imkan verəcək".

Nazir müavini bildirib ki, taxıl istehsalının artırılması ilə yanaşı, saxlanma infrastrukturu da genişləndirilməlidir:

"Regionlarda taxıl silolarının, qurutma, təmizləmə və çeşidləmə xətlərinin yaradılması fermerlərin məhsulu yığımdan dərhal sonra aşağı qiymətə satmaq məcburiyyətini azalda bilər. Dövlət Proqramında ölkə üzrə taxıl silolarının ümumi tutumunun 1,9 milyon tondan təxminən 2,05 milyon tona, kənd təsərrüfatı təyinatlı soyuducu anbarların tutumunun isə 400 min tondan təxminən 500 min tona çatdırılması hədəflənir."