IsDB Azərbaycanın inkişaf proseslərində daha geniş miqyaslı və fəal iştiraka can atır

16:23 - 19.06.2026


19 iyun, Fineko/abc.az. "İslam İnkişaf Bankı (IsDB) Qrupu Ərəb Koordinasiya Qrupunun Azərbaycanın inkişaf prosesində iştirakının genişləndirilməsinin tərəfdarıdır.

ABC.AZ xəbər verir ki, bu barədə IsDB Qrupunun sədri Məhəmməd Əl-Casir Bakıda keçirilən bankın 51-ci illik toplantısının yekun mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, Bakı cari ilin illik toplantıları üçün sadəcə təsirbağışlayıcı bir məkan olmaqdan qat-qat böyük əhəmiyyət kəsb edib.

"Son dörd gün ərzində bu şəhər müzakirələrimizin real praktiki məzmunla zənginləşməsinə kömək edib. 1992-ci ildən bəri Azərbaycan və IsDB Qrupu infrastruktur, energetika, kənd təsərrüfatı, sosial xidmətlər və regional inteqrasiya kimi sahələri əhatə edən möhkəm tərəfdaşlıq formalaşdırıb.

Bu həftə biz qarşılıqlı münasibətlərimizdə yeni iddialı bir fəslə başladıq. Dəyəri 436 milyon ABŞ dolları olan Qarabağ suvarma kanalının bərpası layihəsi üzrə saziş, eləcə də ölkə ilə əməkdaşlığın kompleks çərçivə proqramına dair anlaşma memorandumu imzalanıb.

Bundan əlavə, biz Ərəb Koordinasiya Qrupunun Azərbaycanın inkişaf proseslərində daha geniş miqyaslı və fəal iştirakına can atırıq. Abşeron yarımadasındakı 33 yaşayış məntəqəsində su təchizatı obyektlərinin və kanalizasiya sistemlərinin inşası məqsədilə daha bir anlaşma memorandumu bağlanıb", - M.Əl-Casir vurğulayıb.