Azərbaycanda illik inflyasiya artıb

15:14 - 16.06.2026


16 iyun, Fineko/abc.az. Azərbaycanda illik inflyasiya may ayında 5.6% təşkil edib. Halbuki, bu apreldə illik 5.5% idi. Bu da hazırda Azərbaycan Mərkəzi Bankının pul-kredit siyasətindəki hədəf çərçivəsinin yuxarı həddi olan 6%-dən 0.4 faiz bəndi aşağıdır.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2026-cı ilin may ayında istehlak qiymətləri ötən ilin eyni ayı ilə müqayisədə 5.6% artıb.

Bu göstərici qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6.6%, qeyri-qida məhsulları üzrə 3.9%, ödənişli xidmətlər üzrə isə 5.7% olub. Aylıq inflyasiya isə 0.1% səviyyəsində qeydə alınıb.

2026-cı ilin yanvar-may aylarında orta illik inflyasiya 5.6% olub. Hesabat dövründə qida məhsulları, alkoqollu içkilər və tütün məmulatlarının qiymətləri 6.7%, qeyri-qida məhsullarının qiymətləri 3.7%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 5.7% artıb.