23:37 - 11.06.2026
11 iyun, Fineko/abc.az. Türkiyə hökuməti ölkəyə beynəlxalq kapital axınını sürətləndirmək və yüksək gəlirli xarici investorları cəlb etmək məqsədilə fərdi vergi sistemində köklü islahatları nəzərdə tutan qanun paketini rəsmi qəzetdə ("Resmi Gazete") dərc edərək qüvvəyə mindirib.
ABC.AZ xarici iqtisadi mediaya istinadən xəbər verir ki, yeni qanunvericiliyə əsasən, Türkiyədə vergi rezidentliyi statusu alan əcnəbilər və ya xaricdə fəaliyyət göstərən mütəxəssislər düz 20 il müddətinə xaricdən əldə etdikləri gəlirlərə (dividendlər, qiymətli kağızlar və s.) görə 0% gəlir vergisi imtiyazından yararlanacaqlar.
Qanunun əsas şərtləri və makroiqtisadi təşviqlər:
3 illik məhdudiyyət: Bu güzəştdən yalnız son 3 təqvim ili ərzində Türkiyədə vergi öhdəliyi və ya rəsmi yaşayış yeri olmayan şəxslər faydalana bilər. Ölkədaxili daxili mənbələrdən qazanılan gəlirlər isə standart cədvəllə (%15 ilə %40 arası) vergiləndirilməyə davam edəcək.
Miras və hədiyyə vergisi: 20 illik vergi güzəşti proqramına daxil olan şəxslər üçün varislik (miras) və hədiyyə vergisinin dərəcəsi standart %30-dan sabit %1-ə endirilib.
Kapital amnistiyası və vəsaitlərin leqallaşdırılması: Qanun çərçivəsində xaricdə olan və əvvəllər bəyan edilməmiş aktivlərin (nağd pul, qızıl, xarici valyuta və qiymətli kağızlar) yerli banklar vasitəsilə leqallaşdırılması qaydası da təsdiqlənib. Əgər vəsaitlər Türkiyənin maliyyə alətlərində 5 il müddətinə saxlanılarsa, vergi dərəcəsi %0 olacaq. Daha qısa müddətlər üçün isə müvafiq olaraq %1 ilə %4 arasında güzəştli dərəcələr tətbiq ediləcək. Müraciətlər 31 iyul 2027-ci il tarixinədək qəbul olunur.
Korporativ sektor: İslahat çərçivəsində istehsalçı şirkətlər üçün korporativ vergi dərəcəsi %25-dən %12,5-ə, ixracatçılar üçün isə fəaliyyət növündən asılı olaraq %9–%11-ə endirilib.
10 İyun 2026
10 İyun 2026