Rusiyanın arıqlama dərmanlarına “Halal” status verildi

19:28 - 8.06.2026


8 iyun, Fineko/abc.az. “Heropharm” şirkətinin üç dərmanı — "Secaro", "Semavik" və "Semavik Nekst" — İslam normalarına uyğunluq sertifikatından keçib.

ABC.AZ xəbər verir ki, bu preparatlar Rusiyada GLP-1 sinfinə aid olub və ilk dəfə “Halal” statusu əldə ediblər. Sertifikat Rusiya Müsəlmanları Dini İdarəsi yanında “Halal” Beynəlxalq Standartlaşdırma və Sertifikatlaşdırma Mərkəzi tərəfindən verilib.

“Halal” statusu dərman tərkibində dini baxımdan qadağan olunmuş maddələrin (o cümlədən etanol, donuz mənşəli komponentlər və s.) olmamasını təsdiqləyir. Şirkət preparatların peptid sintezi üsulu ilə hazırlandığını və heyvani mənşəli komponentlərin istifadə olunmadığını bildirib.

“Heropharm” şirkəti bundan əvvəl insulin preparatları üçün də eyni sertifikatı almışdı və indi bu standart diabet 2-ci tip və çəki nəzarəti dərmanlarına da şamil olunub.