"Moody's" Azərbaycana görə Ermənistanın proqnozunu yaxşılaşdırıb

16:48 - 28.07.2026


28 iyul, Fineko/abc.az. "Moody's" beynəlxalq reytinq agentliyi Azərbaycanla sülh gündəliyində əldə olunan irəliləyiş fonunda Ermənistanın uzunmüddətli reytinqləri üzrə proqnozunu yaxşılaşdırıb.

Beynəlxalq reytinq agentliyi Ermənistanın reytinq proqnozunu "stabil"dən "pozitiv"ə yüksəldib, eyni zamanda ölkənin milli və xarici valyutada uzunmüddətli emitent reytinqini Ba3 səviyyəsində təsdiqləyib.

"Pozitiv proqnoz Azərbaycanla genişmiqyaslı hərbi əməliyyatların yenidən başlanması ehtimalının azalması, xarici əlaqələrin daha şaxələndirilmiş tərəfdaşlar dairəsinə yönəldilməsi və daxili siyasi risklərin məhdud səviyyədə qalması nəticəsində siyasi risklərin əhəmiyyətli dərəcədə azalmasını əks etdirir", -deyə qeyd olunub.

Bununla yanaşı, agentlik hesab edir ki, geosiyasi risklərin azalmasına baxmayaraq, Ermənistanın xarici siyasət kursundakı dəyişikliklər və onun Rusiya ilə münasibətləri ilə bağlı qeyri-müəyyənlik iki ölkə arasında sıx iqtisadi əlaqələrin davam etməsi səbəbindən ölkənin iqtisadi təhlükəsizliyi üçün hələ də risk olaraq qalır.