Azərbaycanda mikro sahibkarlıq subyektlərinin sayı 199 min 604-ə çatıb

15:45 - 28.07.2026


28 iyul, Fineko/abc.az. 2026-cı il iyulun 1-i vəziyyətinə Azərbaycanda mikro sahibkarlıq subyektlərinin sayı 199 min 604-ə çatıb.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, mikro sahibkarlıq subyektləri ölkədə fəaliyyət göstərən kommersiya təşkilatlarının 92,7%-ni təşkil edib.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına görə mikro sahibkarlıq subyektləri illik gəliri 200 min manatdan çox olmayan və orta hesabla 10 nəfərədək işçi çalışdıran sahibkarlıq subyektləridir.

İqtisadi fəaliyyət növləri üzrə ən çox mikro sahibkarlıq subyekti ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində qeydə alınıb. Bu sahədə 69 min 796 mikro sahibkarlıq subyekti fəaliyyət göstərir ki, bu da ümumi sayın 35%-nə bərabərdir.

Sonrakı yerlərdə digər sahələrdə xidmətlərin göstərilməsi (21 min 237 subyekt və ya 10,6%), tikinti (18 min 304 və ya 9,2%), peşə, elmi və texniki fəaliyyət (16 min 189 və ya 8,1%), inzibati və yardımçı xidmətlərin göstərilməsi (12 min 740 və ya 6,4%), emal sənayesi (12 min 477 və ya 6,3%) və kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq (12 min 347 və ya 6,2%) qərarlaşıb.

Maliyyə və sığorta fəaliyyəti sahəsində isə 2 min 212 mikro sahibkarlıq subyekti fəaliyyət göstərir. Bu sahədə mikro sahibkarlıq subyektlərinin kommersiya təşkilatları içərisində xüsusi çəkisi 79,8% təşkil edib.