Bakı-Supsa neft kəmərinin operatorluğu SOCAR-a keçib

15:12 - 8.06.2026


8 iyun, Fineko/abc.az. Bu gündən 837 km uzunluqda olan Bakı-Supsa neft kəmərinin operatorluğu Azərbaycan (SOCAR) və Gürcüstana ötürülür.

ABC.AZ xəbər verir ki, iyunun 8-dən etibarən şirkət Bakı-Supsa neft kəmərinin Azərbaycan və Gürcüstan hissələri üzrə operatorluğunu həmin ölkələrdəki sahiblərinə təhvil verir.

Qeyd edək ki, BP-nin hasilat və əməliyyatlar üzrə vitse-prezidenti Qordon Birrelin daha əvvəl verdiyi məlumata görə, operatorluğun təhvil verilməsi BP-nin layihədən çıxması anlamına gəlmir. Onun sözlərinə görə, bu addım təxminən 10 il əvvəl imzalanmış müqavilələrdən irəli gələn öhdəliyin yerinə yetirilməsidir.

Q.Birrel vurğulayıb ki, Bakı-Supsa neft kəməri üzrə operatorluğun hər ölkədə hökumətə və ya onun müəyyən etdiyi operatora ötürülməsi müqavilədə nəzərdə tutulub. O qeyd edib ki, bu proses BP-nin təşəbbüsü deyil, mövcud sazişlərin tələbindən irəli gəlir.

BP rəsmisi həmçinin bildirib ki, Bakı–Tbilisi–Ceyhan (BTC) neft kəməri üzrə operatorluğun təhvil verilməsi ayrıca razılaşma əsasında həyata keçiriləcək və bunun iyulun əvvəlində baş verməsi gözlənilir.