OPEK+ neft kvotalarını 4-cü dəfə artırmağa hazırlaşır

10:21 - 8.06.2026


8 iyun, Fineko/abc.az. Hörmüz boğazının bağlanmasından sonra yaranan qlobal neft qıtlığını aradan qaldırmaq üçün OPEK+ alyansı hasilat limitlərini yenidən artırmağı planlaşdırır.

ABC.AZ "Reuters" agentliyinə istinadən xəbər verir ki, təşkilat cari ilin iyul ayından etibarən gündəlik hasilat hədəflərini daha 188 000 barrel artırmağı nəzərdə tutur. Bu, son 4 ayda qəbul edilən dördüncü artım qərarı olacaq. Lakin mənbələr qeyd edir ki, Hörmüz boğazının blokadası səbəbindən üzv ölkələrin əksəriyyəti logistik maneələrə görə bu kvotaları real olaraq icra edə bilmir.

Məlumata görə, Rusiya da daxil olmaqla OPEK+-ın 7 aparıcı üzvü aprel-iyun ayları ərzində kvotaları ümumilikdə 600 000 barrelə yaxın artırsa da, ixracın iflic olması səbəbindən real hasilat kəskin azalıb. Belə ki, fevral ayında gündəlik real hasilat 42,77 milyon barrel təşkil etdiyi halda, apreldə bu göstərici 33,19 milyon barrelə qədər geriləyib.