20:40 - 2.06.2026
2 iyun, Fineko/abc.az. "Bakı Enerji Həftəsi" çərçivəsində keçirilən 1-ci Azərbaycan-ABŞ İqtisadi Dialoqu tədbirində İqtisadiyyat Nazirliyi və "Oracle" şirkəti arasında Anlaşma Memorandumu, həmçinin Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və "Lummus Technology" şirkəti arasında Strateji Əməkdaşlıq Sazişi imzalanıb.
ABC.AZ xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında məlumat paylaşıb.
Nazir qeyd edib ki, imzalanmış sənədlər ölkədə rəqəmsallaşma və sənaye texnologiyalarının tətbiqi baxımından böyük önəm kəsb edir.
Sənədlərin əsas hədəfləri:
İqtisadiyyat Nazirliyi və "Oracle" Memorandumu: Ölkəmizdə müasir rəqəmsal infrastrukturun yaradılmasını, innovativ texnologiyaların tətbiqini və texnologiya transferi sahəsində fəal əməkdaşlığı təmin edəcək.
SOCAR və "Lummus Technology" Sazişi: Sənaye texnologiyalarının tətbiqi və neft-qaz sektorunda daha səmərəli həllərin tətbiqi istiqamətində birgə işbirliyini əhatə edir.