BTC kəmərinin istifadəyə verilməsindən 21 il ötür: İndiyədək 556 milyon ton Azərbaycan nefti nəql edilib

16:53 - 25.05.2026


25 may, Fineko/abc.az. Bu gün Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft boru kəmərinin Azərbaycan hissəsinin istifadəyə verilməsindən 21 il ötür. Boru kəməri fəaliyyətə başladığı dövrdən indiyədək kəmərlə təqribən 556 milyon ton Azərbaycan mənşəli neft nəql edilib.

ABC.AZ Energetika Nazirliyinə istinadən xəbər verir ki, kəmər hazırda əsasən “Azəri–Çıraq–Günəşli” (AÇG) yatağından nefti və “Şahdəniz” yatağından kondensatı qəbul edir.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən isə, təkcə bu ilin yanvar-aprel aylarında magistral neft kəmərləri ilə ümumi nəqletmənin 77.0%-i məhz BTC-nin payına düşüb. Cari ilin ilk 4 ayında kəmərlə nəql olunan neftin həcmi 8 milyon 389.5 min ton təşkil edib. Bu, ötən ilin eyni dövrü (9 milyon 314.7 min ton) ilə müqayisədə 925.2 min ton və ya 9.9% azdır.

Hesabat dövründə BTC ilə nəql edilmiş neftin 82.4%-ni (6 milyon 914.3 min ton) Azərbaycanda hasil edilən xammal, 17.6%-ni (1 milyon 475.2 min ton) isə Türkmənistan və Qazaxıstandan daxil olan tranzit nefti təşkil edib.