ADNOC Hörmüz boğazı vasitəsilə neft ixracı üçün “kölgə tranzitindən” istifadə edir

11:17 - 25.05.2026


25 may, Fineko/abc.az. Əbu-Dabi Milli Neft Şirkəti (ADNOC) neft və qazı Hörmüz boğazı vasitəsilə “kölgə tranziti” yolu ilə daşıyır.

ABC.AZ xəbər verir ki, bu barədə Bloomberg agentliyi mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, şirkət gəmilərin transponderləri söndürülmüş vəziyyətdə boğazdan keçdiyi “kölgə tranziti” adlanan üsuldan istifadə edir. Bloomberg qeyd edir ki, bu yolla ADNOC regiondakı gərgin vəziyyətə baxmayaraq neft, neft məhsulları və mayeləşdirilmiş təbii qaz ixracını davam etdirir. Agentliyin mənbələrinin iddiasına görə, şirkət logistika operatoru Navig8 və kimya şirkəti Wanhua Chemical Group ilə əlaqəli gəmilərdən istifadə edir. Hörmüz boğazını keçdikdən sonra yüklər BƏƏ-nin Füceyrə və Omanın Sohar limanları yaxınlığında digər gəmilərə ötürülür və ya Hindistan limanlarına yönləndirilir.

Bloomberg vurğulayır ki, Yaxın Şərqin digər neft istehsalçıları da boğaz vasitəsilə tədarükləri qorumağa çalışırlar, lakin onların əksəriyyəti icarəyə götürülmüş tanker və gəmi sahiblərinin ehtiyatlı davranışından asılıdır.