2026-cı ilin aprelində dünya üzrə polad istehsalı azalıb

16:46 - 22.05.2026


22 may, Fineko/abc.az. 2026-cı ilin aprel ayında dünya üzrə polad istehsalı 153,4 milyon tona düşüb.

ABC.AZ xəbər verir ki, bu barədə Ümumdünya Polad Assosiasiyası (World Steel Association, WSA) məlumat yayıb.
2025-ci ilin aprel ayı ilə müqayisədə istehsal 1,9% azalıb. Qurumun açıqlamasına görə, məlumatlar WSA-ya hesabat təqdim edən 69 ölkəni əhatə edir. “Aprel ayında dünya üzrə polad istehsalı 153,4 milyon ton təşkil edib ki, bu da 2025-ci ilin aprel ayı ilə müqayisədə 1,9% azdır”, — assosiasiya bildirib.

Rusiya, MDB ölkələri və Ukraynadakı müəssisələrdə istehsal aprel ayında 6 milyon tona qədər enib (13,4% azalma). Yaxın Şərqdə azalma 27,6% (3,7 milyon ton), Avropa İttifaqında isə 1,8% (11 milyon ton) təşkil edib. Bununla yanaşı, Almaniyada istehsal 9,5% artaraq 3,2 milyon tona çatıb.