17:22 - 5.05.2026
5 may, Fineko/abc.az. ABŞ administrasiyasının rəhbəri Donald Tramp bildirib ki, ABŞ Hind okeanında ələ keçirilmiş İran tankerlərindən neftin böyük hissəsini götürüb.
“Onun böyük hissəsi ABŞ-a daxil olur”, – deyə o, Salem News Channel telekanalına müsahibəsində qeyd edib.
ABC.AZ xəbər verir ki, Tramp 1 may tarixində Florida ştatının Uest-Palm-Biç şəhərində çıxışı zamanı etiraf edib ki, ABŞ hərbçiləri İran nefti daşıyan tankerlərin ələ keçirilməsi zamanı özlərini “dəniz quldurları kimi” aparırlar.
İranın BMT yanında daimi nümayəndəsi Amir Saeid Iravani bildirib ki, ABŞ Majestic və Tifani tankerlərini ələ keçirərək 3,8 milyon barel nefti müsadirə edib və bunu “aqressiya” və “dövlət piratlığı” adlandırıb. Tehran bu addımı BMT Nizamnaməsinin kobud pozuntusu hesab edir, Təhlükəsizlik Şurasından reaksiya tələb edir və cavab vermək hüququnu özündə saxlayır.