"Bakı Gəmiqayırma Zavodu" MMC Qazaxıstan şirkəti ilə müqavilə imzaladı

10:42 - 4.05.2026


4 may, Fineko/abc.az. "Bakı Gəmiqayırma Zavodu" MMC ilə Qazaxıstanın "Samruk-Kazına" ASC-nin tərkibinə daxil olan "KTZ Express Shipping" şirkəti arasında gəmiqayırma sahəsində əməkdaşlığa dair müqavilə imzalanıb.

ABC.AZ xəbər verir ki, sənədə əsasən müasir beynəlxalq standartlara uyğun iki ədəd quru yük gəmisinin inşası nəzərdə tutulur.

Mərasimdə bildirilib ki, layihə həm texnoloji imkanların nümayişi, həm də Azərbaycanın gəmiqayırma sənayesinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. "Samruk-Kazına" ASC-nin İdarə Heyətinin sədri Nurlan Jakupov isə qeyd edib ki, dəniz infrastrukturunun inkişafı Qazaxıstanın tranzit potensialının genişləndirilməsi istiqamətində aparılan sistemli işlərin davamıdır:

"Qazaxıstan Dəmir Yolu" SC-nin öz donanmasının formalaşdırılması Transxəzər marşrutunun dayanıqlığını artırır, yükdaşıma imkanlarını genişləndirir və beynəlxalq tərəfdaşların cəlbi üçün əlavə şərait yaradır. Əməkdaşlıq Orta dəhliz üzrə yük axınının artdığı bir dövrdə xüsusi aktuallıq kəsb edir. Beynəlxalq sifarişlərin çoxalması fonunda layihə yerli gəmiqayırma sənayesinin inkişafını sürətləndirməklə yanaşı, zavodun istehsal gücünün artırılmasına və rəqabət qabiliyyətinin möhkəmlənməsinə xidmət edəcək".