“Meqa Sığorta” bir çox göstəricilər üzrə geriləyib

11:30 - 1.05.2026


1 may, Fineko/abc.az. “Meqa Sığorta” ASC-nin cari ilin ilk 3 ayında əsas biznes əməliyyatlarında məcmu sığorta haqları 7.18 milyon manat təşkil edib ki, bu da ötən ilin analoji periodudan 4.6 faiz azdır.

ABC.AZ şirkətin açıqladığı hesabata istinadən xəbər verir ki, bununla bərabər, sığorta ödənişləri və zərərlilik dərəcələrində artım qeydə alınıb.

Zərərlilik əmsalı 90.36 faizdən 91.99 faizə qalxıb.

Xüsusi ilə icbari avto-sığorta bazarındakı tendensiya sığorta şirkətinə təsiri hiss olunur. AVİSMİS üzrə zərərlilik əmsalı – hansı ki, biznes portfelində əsas paya (31%) sahibdir – 95.61 faizdən 108 faizə qalxıb. Bununla yanaşı şirkətin icbari avto sığorta üzrə sığorta yığımları 1.12 mln. manat azalma ilə 2.63 mln. manata düşüb. Bu yığım qarşısında onun ödənişləri 2.7 mln. manat olub. Rəqəmlərdən də görünür ki, şirkət burda itki ilə üzləşib. “Meqa Sığorta” bu zərərlilik şəraitində avto-icbari sığorta bazarında məmuniyyət baxımından da yaxşı mövqedə deyil. Mərkəzi Bankın son mart reytinqində “qırmızı” zonada dayanır.

İnvestisiya fəaliyyəti üzrə nəticələrə nəzər saldıqda şirkətin bu istiqamətdən əldə etdiyi gəlirlərin də azaldığı görünür. 2026-cı ilin birinci rübündə investisiya gəlirləri 500 min manat təşkil edib ki, bu da əvvəlki ilin eyni dövründəki 592 min manatlıq göstərici ilə müqayisədə 15.5 faiz azdır. Eyni zamanda şirkətin investisiya portfelinin ümumi həcmi 38.75 milyon manata düşüb ki, bu da illik müqayisədə portfelin 12.6 faiz kiçilməsi deməkdir.

Müəllif: Elmir Muradov