Mayın 1-dən Rusiya Qazaxıstan neftinin Almaniyaya “Drujba” ilə tranzitini dayandıracaq

11:13 - 23.04.2026


23 aprel, Fineko/abc.az. Rusiyanın baş nazirinin müavini Aleksandr Novak 2026-cı il mayın 1-dən etibarən “Drujba” neft kəməri vasitəsilə Qazaxıstan neftinin Almaniyaya tədarükünün dayandırılacağını təsdiqləyib.

ABC.AZ xəbər verir ki, yüksək vəzifəli məmur bunun “texniki imkanlarla bağlı olduğunu” bildirib. O, əlavə təfərrüatlar açıqlamayıb.

Novak qeyd edib ki, Qazaxıstan neftinin tranziti başqa istiqamətlərə yönləndiriləcək — “Drujba” ilə tədarüklər əvəzinə xammal digər marşrutlarla nəql olunacaq.

Hansı istiqamətlər üzrə olacağını isə Rusiyanın baş nazir müavini dəqiqləşdirməyib və bildirib ki, bu məsələlərlə Rusiyanın Energetika Nazirliyi və “Transneft” şirkəti məşğul olur.

Daha əvvəl energetika naziri Yerlan Akkenjenov qeyri-rəsmi kanallar vasitəsilə daxil olan məlumata istinadən bildirmişdi ki, Rusiya tərəfi 2026-cı ilin may ayından etibarən “Transneft” şirkətinin boru kəmərləri ilə Qazaxıstandan Almaniyaya neft tranzitini dayandırmaq qərarı verib.

Qazaxıstanlı rəsmi şəxs ehtimal olunan səbəb kimi Ukrayna pilotsuz uçuş aparatlarının neft nəqli infrastrukturlarına son hücumlarını göstərib.