Petrobras Braziliya şelfində yeni neft və qaz ehtiyatları aşkar edib

15:56 - 14.04.2026


14 aprel, Fineko/abc.az. Petrobras Braziliyanın kontinental şelfində yerləşən məhsuldar Kampos (Campos Basin) neft-qaz hövzəsinin dərin sulu hissəsində neft və təbii qaz yataqları aşkar edib.

ABC.AZ xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Petrobras əlavə ehtiyatların işlənməsi məqsədilə əsas yataq sahələrində geoloji kəşfiyyat işlərini aktivləşdirib. Şirkət Rio-de-Janeyro sahillərindən təxminən 201 km məsafədə, 2984 metr dərinlikdə yerləşən C-M-477 blokunun konturunda Ruba adlı kəşfiyyat quyusunu uğurla qazıb.

Karotaj diaqramları, qaz göstəriciləri və quyudan götürülən maye nümunələri karbohidrogen tərkibli layın mövcudluğunu təsdiqləyib.

Petrobras C-M-477 blokunun operatorudur və 70% paya sahibdir. Onun tərəfdaşı isə 30% payla BP-dir.