Qazaxıstan yeni qazla işləyən İES istifadəyə verib

11:02 - 14.04.2026


14 aprel, Fineko/abc.az. 1Qazaxıstanın cənubunda yerləşən Kızılorda şəhərində yeni qazla işləyən İstilik Elektrik Stansiyası (İES) istismara verilib. Stansiyanın elektrik gücü 240 MVt, istilik gücü isə 277 Gkal/saat təşkil edir.

ABC.AZ xəbər verir ki, 170 MVt gücündə iki paroqaz qurğusu artıq elektrik enerjisini şəbəkəyə ötürür. Daha bir 70 MVt gücündə paroqaz qurğusunun isə yaxın vaxtlarda tam işə salınması planlaşdırılır.

Layihə Türkiyənin Aksa Energy şirkəti tərəfindən həyata keçirilib və Qazaxıstanın Energetika Nazirliyinin planına daxildir. Həmin plana əsasən, cari ildə ölkədə ümumilikdə 2,64 QVt gücündə ənənəvi və bərpa olunan enerji mənbələri istifadəyə verilməlidir. Bu çərçivədə dörd paroqaz qurğusu, iki külək və dörd günəş elektrik stansiyasının tikintisi nəzərdə tutulur.

Yeni enerji obyektləri ildə 16 milyard kVt/saat elektrik enerjisi istehsal edəcək.

Müqayisə üçün qeyd edək ki, 2026-cı ilin birinci rübündə Qazaxıstanda elektrik enerjisi istehsalı 33,7 milyard kVt/saat olub və bu göstərici tələbi 100 milyon kVt/saat üstələyib.