Bu dövrdə AÇG yataqlar blokundan 3,5 milyard kubmetr qaz hasil edilib

14:08 - 13.04.2026


13 aprel, Fineko/abc.az. Bu ilin yanvar-mart aylarında Xəzər dənizinin Azərbaycanda sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan 3,5 milyard kubmetr qaz hasil edilib.

ABC.AZ xəbər verir ki, bu barədə Energetika Nazirliyinin bu ilin yanvar-mart ayları üzrə açıqladığı operativ məlumatlarında deyilir.

Bildirilir ki, 2025-ci ilin ilk üç ayı ilə müqayisədə AÇG-dən qaz hasilatı 0,1 milyard kubmetr və ya 2,9 % çoxdur.

Məlumata görə, bu ilin birinci rübündə Azərbaycanda 12,6 milyard kubmetr təbii qaz hasil edilib. Bu, 2025-ci ilin ilk rübü ilə müqayisədə eynidir.

Eyni zamanda, bu ilin ilk üç ay ərzində "Şahdəniz" yatağından 6,9 milyard kubmetri hasil olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,1 milyard və ya 1,5 % çoxdur.

Bu ilin ilk rübündə "Abşeron" yatağından 0,4 milyard kubmetr təbii qaz hasil olunub ki, bu da ilik müqayisədə eyni qalıb.

Belə ki, ötən üç ay ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 1,8 milyard kubmetr təbii qaz hasil edib. SOCAR üzrə qaz hasilatının həcmi 2025-ci ilin yanvar-mart ayları ilə müqayisədə 0,2 milyard kubmetr və ya 10 % azdır.

Yeri gəlmişkən, "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqları istismara veriləndən bu ilin aprelin 1-nədək 519 milyard kubmetr qaz hasil edilib. "Azəri-Çıraq-Günəşli"dən 247,4 milyard kubmetr qaz, "Şahdəniz"dən isə 271,6 milyard kubmetr qaz çıxarılıb.