Qazaxıstanda kömür ehtiyatları 300 ildən çox müddətə kifayət edəcək

11:41 - 8.04.2026


8 aprel, Fineko/abc.az. Dünya üzrə kömür ehtiyatlarına görə Qazaxıstan 10-cu yerdə qərarlaşıb.

2025-ci ildə ölkədə təxminən 115,9 milyon ton kömür hasil olunub ki, bu da 2024-cü illə müqayisədə 7% artım deməkdir. Bu barədə energetika naziri Yerlən Akkenjenov məlumat verib.

Hasil olunan kömürün 85,9 milyon tonu daxili istehlaka yönəldilib, 30 milyon tonu isə ixrac edilib. Əsas ixrac istiqamətləri Rusiya, Polşa, Özbəkistan, Türkiyə, Hindistan və Malayziyadır.

2026-cı ildə kömür hasilatının 128,9 milyon tona çatdırılması planlaşdırılır.

2025-ci ildə sahəyə yatırılan investisiyaların həcmi 305 milyard tenge (təxminən 654 milyon dollar) təşkil edib. 2026-cı ildə isə bu rəqəmin 553,5 milyard tengeyə (1,2 milyard dollar) çatdırılması nəzərdə tutulur.

İlin sonunadək 10 yataq sahəsi üzrə yer təki istifadəsi hüquqlarının verilməsi üçün hərracın keçirilməsi planlaşdırılır.