Subasma hadisəsi zamanı sığorta təminatının alınması mümkündür - ASA eksperti

15:48 - 1.04.2026


1 aprel, Fineko/abc.az. Son günlərdə intensiv yağıntılar nəticəsində bir çox yaşayış evlərinin və sahibkarlıq obyektlərinin su altında qalması və zərər görməsi kimi hadisələri gördük. Bu cür təbiət hadisələri zamanı vətəndaşların və biznes subyektlərinin üzləşdiyi əsas problemlərdən biri zərərin necə və hansı qaydada ödənilməsidir. Elə bu sualla Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emin Allahverdiyevə müraciət etdik.

Ekspert ABC.AZ-a bildirdi ki, subasma hadisələri və təbii fəlakətlər nəticəsində, xüsusən də leysan xarakterli yağışların yağması zamanı əmlaka zərər dəyməsi halları çox müşahidə olunur.

Sözügedən təbiət hadisələri zamanı həm daşınmaz əmlaka, həm də əmlakın içərisində olan daşınar əmlaklara da zərər dəydiyini deyən E.Allahverdiyev qeyd edib ki, Azərbaycanda yaşayış evləri üçün daşınmaz əmlakın icbari sığortası tətbiq olunur, eyni zamanda qeyri-yaşayış fondu üçün də bu sığorta məhsulu tətbiq olunur:

"Bu sığorta növünün əsas mahiyyəti məhz az əvvəl də sadaladığım kimi əmlaka dəymiş zərərlər üzrə sığorta təminatının verilməsidir. Xüsusilə də əmlakın konstruktiv elementlərinə dəymiş zərərlər üzrə sığorta təminatı təqdim edir. Burada əmlakın qapı-pəncərə, bəzək elementləri və digər konstruksiya elementlərinə dəymiş zərərlər üzrə sığorta təminatı verir və əlbəttə ki, subasma hadisəsi nəticəsində də əmlaka zərər dəyərsə, bu halda da sığorta təminatının alınması mümkündür. Bundan başqa qeyd etmək istərdim ki, son günlərdəki baş vermiş yağış nəticəsində qeyri-yaşayış fondunun da, biznes subyektlərinin də ciddi zərərlə qarşılaşdığını gördük. Əlbəttə ki, daşınmaz əmlakın icbari sığortası qeyri-yaşayış fonduna münasibətdə də sığorta təminatını təqdim edən bir məhsuldur və qeyd etmək istərdim ki, qeyri-yaşayış fonduna münasibətdə biznes subyektləri iqtisadi fəaliyyət növünə müvafiq olaraq sığorta haqqı hesablanır. Eyni qaydada burada da könüllü əmlakın da sığortalanması mümkündür, çünki biznes obyektlərində bilirsiniz ki, daşınar əmlaklar daha çoxdur və sahibkarlıq subyektinin əsas marağı məhz bu daşınar əmlaklardır. Bu məqamda hesab edirəm ki, daşınar əmlakların da sığortalanması məqsədəuyğun olar ki, baş vermiş gözlənilməz hal və hadisə nəticəsində əmlaklara bir zərər dəyərsə, bu halda sığorta mexanizmi vasitəsilə zərərin qarşılanması, kompensasiya edilməsi mümkün olsun".

Müəllif: Elmir Muradov