Neft ucuzlaşır, Brent $92,79 təşkil edir

09:17 - 10.03.2026


10 mart, Fineko/abc.az. Çərşənbə axşamı keçirilən ticarət sessiyasında etalon markaların qiyməti ötən günkü artımdan sonra 6%-dən çox ucuzlaşıb.

Saat 09:14-ə olan məlumata əsasən, ICE Futures birjasında Brent markalı neftin may fyuçersinin qiyməti $6,17 (6,23%) aşağı düşərək bir barel üçün $92,79 təşkil edib. 9 mart tarixindəki ticarət sessiyasının yekununda may fyuçersləri $6,27 (6,76%) bahalaşaraq $98,96-a çatıb.

NYMEX birjasında saat 09:14-ə olan vəziyyətə görə, WTI neftinin aprel fyuçersinin qiyməti $6,40 (6,75%) azalaraq bir barel üçün $88,37-a enib. 9 martda isə WTI-ın aprel fyuçersi $3,87 (4,26%) artaraq $94,77 olmuşdu.

Qiymətlər hər iki markanın $120 ətrafında satıldığı bazar ertəsi günü qeydə alınmış son 3 ilin maksimum göstəricilərindən geriləyir.

Ötən həftə Brent markalı neft 27,20%, WTI isə 35,63% bahalaşmışdı.