10:34 - 4.03.2026
4 mart, Fineko/abc.az. Yaponiyada elektrik enerjisi istehsalının 30%-i mayeləşdirilmiş təbii qazın (LNG) idxalından asılıdır və ölkə hökuməti hazırda Fars körfəzi bölgəsindən tədarükün dayandırılması ehtimalına qarşı təcili tədbirlər planı hazırlayır.
ABC.AZ xəbər verir ki, bunu Yaponiyanın baş naziri Sanae Takaçi parlamentin aşağı palatasının büdcə komissiyasında keçirilən müzakirələr zamanı, Hörmüz boğazının mümkün blokadasının iqtisadi təhlükəsizliyə təsiri ilə bağlı suala cavab verərkən bildirib.
“Yaponiyada istilik elektrik stansiyaları, – deyə o qeyd edib, – neft idxalından cəmi 7%, LNG alışlarından isə 30% asılıdır. Buna görə də hökumət mayeləşdirilmiş qazın tədarükü və qiymətləri ilə bağlı vəziyyəti böyük narahatlıqla izləyir”.
Baş nazir bildirib ki, böhran vəziyyəti yaranacağı təqdirdə hökumət özəl sektorla birlikdə LNG idxalını təcili şəkildə digər ölkələrdən və spot bazardan həyata keçirilən alışlara yönləndirəcək. Yaponiya hər il Fars körfəzi bölgəsindən təxminən 7 milyon ton LNG idxal edir, əsas təchizatçı isə Qətərdir. Bu həcmlər əsasən Fars körfəzini Oman körfəzi və daha sonra açıq okeanla birləşdirən Hörmüz boğazı vasitəsilə daşınır.