Əvvəlki "Leobank"dan hazırda əsər-əlamət yoxdu - İndi ən problemli kartdır

10:48 - 27.02.2026


27 fevral, Fineko/abc.az. Fevralın 26-da "Leobank"ın sistemi çöküb və müştərilərin əməliyyat həyata keçirməsində müəyyən çətinliklər yaranıb.

Belə bir halla ABC.AZ əməkdaşı da rastlaşıb. Əməkdaşımızın kartından pul çıxıldığından "Leobank"ın qaynar xəttinə zəng edib.

Bank əməkdaşı isə sistemin işləmədiyini və müştərilərə müəyyən problem yarandığını etiraf edib.

Əməkdaşımızın kartı blokda olsa da, onun balansından abunə olduğu xidmətlərdən biri üçün pul çıxılıb.

Halbuki, qaydalara görə bu haldda, yəni müştərinin kartı blokda olduğu zaman balansdan pul çıxılmamalıdır. Yalnız müştərinin icazəsi ilə ondan pul çıxıla bilər.

Bu addımla "Leobank" həm qaydaları pozub, həm də bankın sisteminin təhlükəsiz olmadığı üzə çıxıb. Bununla yanaşı, bankın dəstək xidməti də əvvəlki kimi operativ işləmir.

Belə ki, əksər vaxtlar dəstək xidməti ya telefonlara cavab vermir, ya da 5 zəngdən birində telefonu açırlar. Həmçinin, problemə də müştərinin istədiyi kimi aydınlıq gətirə bilmirlər.

Əvvəllər ödənişsiz olan zənglərə də ödəniş tətbiq ediblər. İndi zəng edərkən növbəyə düşdüyün halda belə kontur çıxılır. Bu isə müştərilərin haqlı narazılığına səbəb olur.

Bir sözlə bir zamanlar hamının ən sevimli bank kartı olan "Leobank"dan hazırda əsər-əlamət yoxdu. İndi sanki əvvəlki operativ bank yerində ən passiv, ən problemli bank mövcuddur.

Müəllif: Elmir Muradov