Yaxın vaxtlarda manatın məzənnəsinin dəyişməsi gözlənilmir - AMB sədri

14:28 - 4.02.2026


4 fevral, Fineko/abc.az. Yaxın vaxtlarda Azərbaycanda manatın xarici valyutalar qarşısında məzənnəsinin dəyişməsi gözlənilmir.

ABC.AZ xəbər verir ki, bunu mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib.

O qeyd edib ki, bəzi ekspertlər məzənnə ilə bağlı ajiotaj yaradırlar.

"Gəlin reallığa baxaq, bizim proqnozlarımıza fikir verək. Onlar dolayı yolla baxışımızı təmsil edir. Bizim cari əməliyyat balansı (CƏB) ilə bağlı proqnozumuz bu il də, gələn il də müsbətdir. Dünya bazarında neftin qiyməti 64-65 ABŞ dolları civarında olsa, bu həm CƏB, həm dövlət büdcəsinin xərcləri nöqtəyi-nəzərindən məqbuldur. Yəni biz burada hansısa problem görmürük. 10 dollarlıq ucuzlaşmanın iqtisadiyyat üçün böyük bir təsiri yoxdur, söhbət təxminən 300 milyon manatlıq vəsaitdən gedir. CƏB üçün isə 55 dollarlıq qiymət belə profisitə nail olmağa imkan verir",- deyə o qeyd edib.