Azərbaycanın xaricə satdığı narın qiyməti bahalaşıb

14:58 - 23.01.2026


23 yanvar, Fineko/abc.az. 2025-ci il ərzində Azərbaycandan 35,3 milyon dollar həcmində 36 min ton nar ixrac edilib.

ABC.AZ xəbər verir ki, nar ixracı 2024-cü illə müqayisədə dəyər ifadəsilə 5,6 milyon dollar və ya 18,8%, miqdar ifadəsilə isə 2 min ton, başqa sözlə 5,9% çoxdur.

Qeyd edək ki, 2024-cü il ərzində Azərbaycandan 29,8 milyon dollar dəyərində 34 min ton nar ixrac olunmuşdu.

2025-ci ilin nəticələrinə görə Azərbaycanın ixrac etdiyi narın 1 kiloqramının orta ixrac qiyməti 0,98 dollar (1,67 manat) təşkil edib. 2024-cü ildə isə bu rəqəm 0,88 dollar (1,49 manat) idi. Bu da illik müqayisədə 0,10 dollar (0,18 manat) və ya 12,2% bahalaşma deməkdir.

2025-ci il ümumi ixracın 0,14%-i, qeyri-neft sektoru üzrə ixracın isə 0,97%-i narın payına düşüb. 2024-cü il isə müvafiq göstəricilər 0,11% və 0,89% olmuşdu.