“Kontakt Home”la bağlı 2025-ci ildə AİB-ə 100-lərlə şikayət daxil olub - Özəl xəbər

10:42 - 24.12.2025


24 dekabr, Fineko/abc.az. -(özəl xəbər)- 2025-ci ilin bitməsinə sayılı günlər qalır. Hər il olduğu kimi, bu il də bir sıra şirkətlərdən narazı qalan istehlakçılar oldu. Vətəndaşların ən çox narazı qaldığı mağazalardan biri və ən öndə gedənlərindən olan elektrik və məişət malları satışı ilə məşğul olan "Kontakt Home"dur.

ABC.AZ-ın mətbuatda apardığı araşdırmalara görə, adıçəkilən mağazadan il boyu narazılıqlar olub.

Belə ki, bu il ən çox narazılıq mağazanın keyfiyyətsiz malın dəyişdirilməsindən imtina etməsi ilə bağlı olub. 2025-ci ilin əvvəllərində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Kontakt Home”un keyfiyyətsiz məhsul satdığına görə inzibati xəta protokolu tərtib edib.

Mağaza məhsulun dəyişdirilməsi və qaytarılmasından imtina etmişdi və bu istehlakçı hüquqlarının pozulması hesab olunub.

Bir neçə müştəri kredit müqavilələri ilə bağlı mağazanın qaydalara əməl etmədiyini əsas gətirərək şirkəti şikayət edib. Müştəri işdən çıxması və yenidən işə başlaması ilə bağlı məlumat verməsinə baxmayaraq, ona əsassız cərimələr tətbiq edildiyini iddia edib.

Bu tip şikayətlər müştərilərin xərclərin hesablanması və müqavilə şərtlərinin tətbiqindən narazı qaldığını göstərir.

"Kontakt Home"la bağlı şikayətlər bununla da yekunlaşmayıb. İstehlakçılar zəmanətli məhsulların qəbulu, servis xidməti və dəyişdirilməsi ilə bağlı da problemlər yaşadıqlarını bildiriblər. Şirkətdən narazılıq özəl şikayət platformalarında və müştəri rəylərində də artımın olduğu ortaya çıxıb. Alınan saat və digər məhsullar qaytarılmayıb. Ödəniş sistemində problemlər və hər gün cərimə hesablanmas da şikayətlər arasındadır.

Şirkətdən rəsmi və ekspert səviyyəsində də narazılıqlar var. Belə ki, Azad İstehlakçılar Birliyi (AİB) rəhbəri bildirib ki, “Kontakt Home”da tez-tez istehlakçı hüquqlarını pozması ilə bağlı müraciətlər alır və şikayətlər intensiv olur. Buna görə bəziləri şirkətə boykot çağırışı da edir.

AİB-ə 2025-ci il ərzində təxminən yüzə yaxın şikayətin daxil olduğu bildirilir.

Müəllif: Elmir Muradov