Meta Avocado və Mango adlı Aİ modellərini hazırlayır

16:54 - 19.12.2025


19 dekabr, Fineko/abc.az. Meta Platforms 2026-cı ilin birinci yarısında yeni süni intellekt modellərini təqdim etməyi planlaşdırır. Mətn modeli Avocado adlanacaq və proqram kodunun generasiyasının yaxşılaşdırılmasına yönələcək. Mango modeli isə şəkil və video generasiyası üçün nəzərdə tutulub.

ABC.AZ xəbər verir ki, bu barədə şirkətin süni intellekt üzrə rəhbəri Aleksandr Van məlumat verib.

Şirkət həmçinin vizual qavrayış yolu ilə öyrənən “dünya modelləri” üzərində eksperimentlər aparır. Yay aylarında Meta süni intellekt bölməsində restrukturizasiya apararaq, əvvəllər OpenAI-də çalışmış mütəxəssislər də daxil olmaqla 50-dən çox tədqiqatçı və mühəndisdən ibarət komanda formalaşdırmışdı.

Bundan əvvəl Meta Vibes adlı video generatorunu təqdim etmişdi. OpenAI və Google tərəfindən artan rəqabət isə süni intellekt sahəsində istifadəçilərin cəlb edilməsi baxımından şəkil və video generasiya alətlərinin rolunun getdikcə artdığını göstərir.