Vergi güzəştinin ləğvi qiymətlərə necə təsir edəcək? – Deputatdan açıqlama

14:42 - 20.11.2025


20 noyabr, Fineko/abc.az. Bildiyiniz kimi, gələn ildən etibarən özəl sektorda çalışan şəxslər gəlir vergisinə cəlb olunacaq.

Bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb. Sözügedən qanunla bağlı artıq bir müddətdir ki, mətbuatda yazılar, məqalələr dərc edilsə də, bir çox şəxslər məsələnin mahiyyətini tam anlamayıb.

Bu səbəbdən qanunla bağlı detalları hamı anlasın deyə deputat Vüqar Bayramova müraciət etdik.

Millət vəkili sözügedən məsələni ABC.AZ-a şərh edərək bildirdi ki, bununla bağlı Milli Məclisdə təkliflə çıxış edib:

"Əslində növbəti özəl sektorda gəlir vergisinin tətbiqi ilə bağlı müzakirələrdə bizim təklifimiz ondan ibarət idi ki, əgər güzəşt müddəti uzadılmırsa, mərhələli keçid tətbiq olunsun. Milli Məclisin Îqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin ilk iclasında mən bu istiqamətdə təkliflləri təqdim etmişdim və praktiki olaraq qanun layihəsində biz mərhələli keçidi müşahidə edirik. Hər halda, növbəti 2026-cı ildə gəlir vergisinin tətbiqi müəyyən xərc yaratsa da, amma ciddi və izafi xərc yaratmayacaq. Yəni əmək haqqı alanların təxminən 95 faizinin  maaşı 2500 manatdan az olanar üç faiz vergiyə cəlb olunacaqlar, orta aylıq əməkhaqqı 1000 manat ətrafında olanların maaşı 200 manat azaldılacaą, qalan 800 manat vergiyə cəlb olunacaq.

Yəni 24 manat vergi hesablanacaq. Bu o deməkdir ki, 1000 manat əməkhaqqı alan vətəndaşımız növbəti 24 manat vergi ödəyəcək və bu baxımdan, təbii ki, bizim də təklifimiz ondan ibarətdir ki, özəl sektordakı şirkətlər bu xərci kompensasiya etsinlər. Çünki şirkətlər tərəfindən bu xərcin əmək haqqını artırmaqla kompensasiya edilməsi mümkündür və sözsüz bütövlükdə qiymətləndirilmənin aparılmasına ehtiyac var.

Və ümumiyyətlə güzəşt müddətinin bitməsinin məșğulluğa necə təsir edəcəyini 2026-cı ilin sonunda qiymətləndirmək mümkün olacaq".

Müəllif: Elmir Muradov