14:52 - 18.11.2025
18 noyabr, Fineko/abc.az. Haqsız rəqabətə yol verməklə rəqabət qanunvericiliyinin tələblərini pozduğuna görə bir sıra təsərrüfat subyektlərinə icrası məcburi göstərişlər verilib.
ABC.AZ xəbər verir ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi haqsız rəqabət hallarının qarşısının alınması ilə bağlı kompleks tədbirləri davam etdirir.
Agentliyə daxil olmuş şikayətlər əsasında 6 təsərrüfat subyekti – “Baku Electronics” MMC, “ABC Telecom” MMC, “Trust Lux” MMC, eləcə də fiziki şəxslər Quliyev Pərviz Məmmədhüseyn oğlu, Qurbanov Vüsal Nəriman oğlu və Vəliyev Dadaş Azadəli oğlu barəsində rəqabət qanunvericiliyinin tələblərinə uyğun olaraq ilkin araşdırma aparılıb və haqsız rəqabətə yol verilməsi əlamətləri aşkar olunub. Qeyd olunan təsərrüfat subyektləri haqqında rəqabət qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb və işə baxılması üzrə müvafiq qərarlar qəbul edilib.
İşə baxılmanın yekununda “Baku Electronics” MMC tərəfindən “YOSHIRO” markalı məişət texnikası və elektronika məhsullarının reklamı və satışı zamanı istehlakçıları çaşdıra bilən məlumatlardan istifadə edildiyi, məhsulların faktiki istehsal ölkələrinin Çin və Özbəkistan olmasına baxmayaraq, məhsulların reklamı zamanı, eləcə də qablaşdırmasında “Yapon ənənəsi”, “Yapon keyfiyyəti” kimi ifadələrdən istifadə edilməklə onların Yaponiyada istehsal olunduğu təəssüratının yaradıldığı, həmçinin məhsullar barədə həqiqətə uyğun olmayan üstünlüklərin təqdim olunması ilə haqsız reklamdan istifadə edildiyi və bununla da, Rəqabət Məcəlləsinin tələblərinin pozulduğu müəyyən olunub.
Həmçinin “ABC Telecom” MMC tərəfindən “HOFFMANN” markalı elektrik qızdırıcılarının satışı zamanı istehlakçıları çaşdıra bilən məlumatlardan istifadə edildiyi, məhsulların faktiki istehsalçısının Çin şirkəti olmasına baxmayaraq, qablaşdırmada Almaniyaya aid ifadə və təsvirlərdən istifadə edilməklə onların həmin ölkədə istehsal olunduğu təəssüratının yaradıldığı və bununla da, Rəqabət Məcəlləsinin tələblərinin pozulduğu müəyyən edilib.
Yol verilmiş haqsız rəqabət hallarının aradan qaldırılması və bu hallara təkrar yol verməmələri barədə yuxarıda adları qeyd olunan təsərrüfat subyektlərinə icrası məcburi göstərişlər verilib.
Sahibkar Qurbanov Vüsal Nəriman oğlu tərəfindən kontrafakt hesab edilən “AUXs” adlı kondisionerlərin satışında cinayət tərkibi əlamətlərinin olması nəzərə alınaraq iş üzrə materiallar aidiyyəti üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.