Azərbaycanda yaxın gələcəkdə peyk istehsalına başlanacaq

10:38 - 21.10.2025


21 oktyabr, Fineko/abc.az. Kosmik Aparatların İnkişafı Mərkəzinin tikintisinə yaxın aylarda başlanılacaq.

ABC.AZ xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Kosmik Agentliyinin ("Azərkosmos") İdarə Heyətinin sədrinin vəzifələrini müvəqqəti icra edən Dunay Bədirxanov bildirib. Onun sözlərinə görə, Azərbaycan yaxın gələcəkdə peyklərin istehsalına başlayacaq:

"Bunun üçün artıq ilk addımlarımızı atmışıq. Tədqiqat və İnkişaf üzrə komandamız artıq il yarımdır ki, mürəkkəb siyasi şəraitdə olsa da, İsraildə "Azersky-2" layihəsi çərçivəsində peykin istehsalı üzrə intensiv təlimlər keçirlər. Peyk istehsalı zavodu və istehsalata cəlb ediləcək işçilər üçün Kosmik Aparatların İnkişafı Mərkəzinin qurulması üzrə dizayn və layihələndirmə işlərinə yekun vurulub. Mərkəz üçün tikinti yerimiz məlumdur. Yaxın aylarda tikintiyə başlayacağıq. Peykimizin daşıyıcı raketi olaraq "SpaceX" şirkətini seçmişik. Bununla yanaşı, "Azərkosmos" tarixində ilk dəfə törəmə müəssisə - Kosmik Aparatların İstehsalı Mərkəzi - "Spacecraft Development and Production" MMC yaratdıq. MMC kosmik aparatların istehsalı layihələrimizi daha asan şəkildə həyata keçirməkdə dəstək olacaq".