Türkiyə ilə müxtəlif sahələrdə süni intellekt ilə bağlı pilot layihələrimiz olacaq - Fariz Cəfərov

15:28 - 29.09.2025


29 sentyabr, Fineko/abc.az. Son illər süni intellekt müxtəlif sahələrdə tətbiq edilir. Azərbaycanda süni intellekt sahəsində sahibkarlara dəstək göstərilməsi bizim üçün əsas istiqamətlərdən biridir.

ABC.AZ xəbər verir ki, bunu IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SIM) icraçı direktoru Fariz Cəfərov Bakıda keçirilən "INMerge" İnnovasiya Sammitində jurnalistlərə açıqlamasında deyib.

Buraya onlarla süni intellekt sahəsində imkanların yaradılması, müxtəlif güzəştlərin təqdim olunması kimi tədbirlər daxildir deyən F.Cəfərov qeyd edib ki, düşündük ki, bu sahədə Türkiyə ilə əməkdaşlıq çox vacib olacaq.

"Buna görə də Türkiyənin Süni İntellekt Siyasəti Assosiasiyası (AİPA) ilə Anlaşma Memorandumu imzaladıq. Məqsəd odur ki, süni intellekt sahəsində çalışan Türkiyə şirkətləri ilə birgə Azərbaycanda həm istehsal, həm logistika, həm də digər sahələrdə fəaliyyət göstərən şirkətlərə dəstək verək, süni intellektin tətbiqinə nail olaq. Bununla şirkətlərin xərcləri azalacaq, effektivliyi artacaq. Bununla bir çox sahələrdə təkrarlanan işləri insanlar deyil, süni intellekt icra edəcək" - deyə F.Cəfərov bildirib.

O qeyd edib ki, Azərbaycan və Türkiyənin birgə süni intellekt proqramı hazırlaması ilə bağlı ideyalar var:

"Söhbət Azərbaycan dilinin korpusunun yaradılmasından gedir. Aidiyyatı qurumlar bu istiqamətdə çalışırlar. Süni intellekt böyük verilənlər bazasında işləyir və hər bir dilin özünəməxsus xüsusiyyəti var. Türkiyə ilə də müxtəlif sahələrdə süni intellekt ilə bağlı pilot layihələrin icrası planlaşdırılır".

Müəllif: Elmir Murad