Türkiyə ABŞ-dan bir sıra mallara əlavə rüsumları ləğv edib

11:46 - 22.09.2025


22 sentyabr, Fineko/abc.az. Türkiyə hakimiyyəti ABŞ-dan 2018-ci ildən qüvvədə olan mallar üçün bir neçə əlavə idxal rüsumunu ləğv edib.

ABC.AZ xəbər verir ki, müvafiq qərar rəsmi hökumət qəzeti “Resmi Gazete”də dərc edilib.

Ləğv 33 adda məhsula aiddir. O cümlədən spirtli içkilər, avtomobillər, tütün, kosmetika üçün əlavə rüsumlar ləğv edilib. Türkiyə Ticarət Nazirliyinin bəyanatına görə, qərar “uğurlu və səmərəli danışıqların” nəticələrinə əsasən qəbul edilib.

“Türkiyə ilə ABŞ arasında iqtisadi münasibətlərdə əsas hədəflərdən biri olan 100 milyard dollarlıq ticarət həcminə nail olmaq üçün işləməyə və siyasət yürütməyə davam edəcəyik”, — deyə qurumdan bildirilib.

Əlavə rüsumların aradan qaldırılması barədə qərar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfəri fonunda qəbul edilib. O, BMT Baş Assambleyasının Nyu-Yorkdakı tədbirlərində iştirak edəcək və sentyabrın 25-də Vaşinqtonda Amerika lideri Donald Trampla danışıqlar aparacaq.

Ankara, 2018-ci ildə Trampın ilk prezidentlik dövründə Amerika mallarına əlavə rüsumlar tətbiq etmişdi. Bu, Amerikanın Türkiyədən idxal olunan bir sıra məhsullar üzrə rüsumları artırmasına cavab tədbiri idi.