“Mitsubishi” ofşor külək enerjisindən imtina edir

16:56 - 27.08.2025


27 avqust, Fineko/abc.az. Yaponiyanın “Mitsubishi Corp.” ticarət evi, ölkənin üç bölgəsinin sahillərində ofşor külək parklarının inşası layihələrini dayandırdığını elan edib.

ABC.AZ xəbər verir ki, bu barədə "Asahi Shimbun" qəzeti yazır.

Söhbət Akita prefekturasında iki, Çiba prefekturasında isə bir bölgənin sahillərindəki layihələrdən gedir.

Xüsusilə, səbəb qismində şirkət tədarük zəncirlərinin darlığını, inflyasiyanı, faiz dərəcələrinin artmasını və valyuta məzənnələrinin dəyişməsini qeyd edir.

Fevral ayında şirkət bu layihələrin dəyərsizləşməsindən 53,2 milyard yen (353 milyon dollar) zərər gördüyünü bildirmişdi.

Dövlət Mitsubishi-ni 2021-ci ilin dekabrında onların operatoru seçmişdi. Əvvəlcə 2028-ci ildə işə başlayacaqları gözlənilirdi.

Qəzet qeyd edir ki, tikintidən imtina Yaponiyanın enerji siyasətinə ciddi zərbə vuracaq. Ofşor külək enerjisi, bərpa olunan enerjiyə keçidinin əsas elementlərindən biridir.

İndi dövlət bu layihələrin yeni operatorunu seçməlidir.