Qazla əlaqədar yeni sabit aylıq tarif olacaq

16:28 - 19.08.2025


19 avqust, Fineko/abc.az. Qaz təchizatı sektorunda tənzimlənən qiymətlər (tariflər) müəyyənləşir, bu sıraya sabit tarif daxil edilir.

ABC.AZ  xəbər verir ki, bu , Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı “Qaz təchizatı haqqında” qanunda əksini tapıb.

Qanuna əsasən, qaz təchizatı sektorunda tənzimlənən qiymətlər (tariflər) 2028-ci il iyulun 1-dən tənzimləyici tərəfindən müəyyən ediləcək və onun rəsmi internet saytında dərc olunacaq.

Qaz təchizatı sektorunda tənzimlənən qiymətlər (tariflər) aşağıdakılardır:

- qazın topdansatış tarifləri;
- qazın nəqli tarifləri;
- qazın saxlanması xidmətlərinin tarifləri;
- qazın paylanması tarifləri;
- istehlakçılara qazın pərakəndə satış tarifləri;
- qazın nəqli şəbəkəsinə qoşulma xidmətlərinin qiymətləri;
- qazpaylayıcı şəbəkəyə qoşulma xidmətlərinin qiymətləri;
- sabit tarif.

Sabit tarif qazın istehlak səviyyəsindən asılı olmayan sabit xarakterli xərclərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilən hissəsinin qarşılanması məqsədilə hər bir istehlakçı üzrə tətbiq olunan aylıq tarif element olacaq.

Qaz təchizatı sektorunda qiymətlərin  müəyyən olunması zamanı nəzərə alınmalı olan itkilər sistem operatorlarının qaz itkilərinin hesabat dövrü üçün normativ göstəricilərinin müəyyənləşdirilməsi qaydalarına uyğun olaraq hesablanacaq. Qaz təchizatı subyektləri və onlarla istehlakçılar arasında qarşılıqlı hesablaşmaların aparılması məqsədilə qazın ölçülməsi ilə bağlı məsələlər kommersiya uçotu qaydaları ilə tənzimlənəcək.