14:35 - 7.08.2025
7 avqust, Fineko/abc.az. Bu ilin birinci yarısında "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları bloku üzrə fəaliyyətlərə təqribən 817 mln. ABŞ dolları xərclənilib.
Bu barədə ABC.AZ bp şirkətinin cari ilin birinci yarısının nəticələrinə həsr olunmuş hesabatına istinadla xəbər verir.
Məlumata görə, hesabat dövründə AÇG üzrə fəaliyyətlərə təqribən 259 mln. dollar əməliyyat məsrəfləri və 558 mln. dollar əsaslı məsrəflər xərclənilib.
Bildirilir ki, 2025-ci ilin birinci yarısında AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib. İlk altı ay üçün AÇG-dən ümumi hasilat gündə orta hesabla 327 000 barel və ya ümumilikdə təxminən 59 mln. barel, yəni 8mln. ton olub.
Qeyd olunur ki, ikinci rübdə AÇG layihəsi, təxminən dörd illik fasilədən sonra “Çıraq” platformasından laylara su vurulması prosesini uğurla bərpa edilib.
“Bundan əlavə, ikinci rübdə AÇG layihəsi çərçivəsində ACE platformasından ilk qaz injektoru quyusu təhlükəsiz şəkildə və qrafikə uyğun işə salınıb”, - hesabatda vurğulanır.
İyun ayının sonunda AÇG-də ümumilikdə 143 neft hasilat quyusu, 46 su injektor quyusu və 10 qaz injektor quyusu istismarda olub. İlin birinci yarısında AÇG-də 3 neft hasilat, 3 su injektor və 1 qaz injektor quyusu qazılıb tamamlanıb.
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026