Pezeşkian: ECO üzvü olan ölkələr arasında Azad Ticarət Zonası yaradılmalıdır

16:30 - 4.07.2025


4 iyul, Fineko/abc.az. İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələr arasında Azad Ticarət Zonasının yaradılması hədəflənməlidir.

ABC.AZ xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian ECO-nun 17-ci Zirvə görüşündə bildirib.

Onun sözlərinə görə, ECO-ya üzv ölkələr arasında Ticarət Sazişi nəzərdən keçirilməli və həyata keçirilməlidir: “ECO-ya üzv ölkələr arasında azad ticarət haqqında danışıqlar mümkün qədər tez başlamalı və ECO-da Azad Ticarət Zonası yaratmaq hədəflənməlidir”.

M. Pezeşkian qeyd edib ki, ECO-nun dənizə çıxışı olmayan ölkələrinin açıq dənizlərə və dünya bazarlarına daha ucuz, qısa və asan çıxışı olmalıdır: “Bu məsələdə İran və digər tranzit ölkələr mühüm rol oynayır. ECO ölkələri üçün liman və giriş-çıxış məntəqələrində yeni üstünlüklər və imtiyazlar nəzərdən keçirilə bilər. Liman və sərhəd məntəqələrində ECO-ya üzv ölkələrin logistika qovşaqları şəbəkəsi ən yüksək beynəlxalq standartlara uyğun olaraq qurulmalı və təchiz edilməlidir”. (Report)