Elektrik enerjisində sabit aylıq tarifi tətbiq ediləcək

15:13 - 10.06.2025


10 iyun, Fineko/abc.az. Elektrik enerjisiylə əlaqədar sabit aylıq tarif tətbiq ediləcək.

ABC.AZ xəbər verir ki, bu, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Elektroenergetika haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, sabit tarif elektrik enerjisinin istehlak səviyyəsindən asılı olmayan sabit xarakterli xərclərin tənzimləyici tərəfindən müəyyənləşdirilən hissəsinin qarşılanması məqsədilə hər bir istehlakçı üzrə tətbiq olunan aylıq tarif elementidir.

Qeyd edilib ki, qanun layihəsi elektroenergetika sektorunda tarif tənzimləmələri istiqamətində sabit tarifin tətbiqi məqsədilə hazırlanıb. Beynəlxalq təcrübədə elektrik enerjisinin tarif və qiymətlərinin tənzimlənməsi zamanı sabit tarifin tətbiqi halları mövcuddur. Sabit tarifin əsas mahiyyəti şəbəkəyə qoşulan istehlakçıların sabit xərc şəklində aylıq müəyyən vəsait ödəməsindən ibarətdir. Sabit tarif istehlak miqdarı ilə bağlı deyil, istehlakçı kateqoriyasından asılı olmayaraq tətbiq edilir və paylayıcı sistem operatorunun müəyyən xərclərinin qarşılanması üçün istifadə olunur.