Çin raketi Yerin məsafədən zondlanması üçün nəzərdə tutulan peyki orbitə çıxarıb

11:48 - 29.05.2025


29 may, Fineko/abc.az. Çin daşıyıcı raketi "Çançjen-4B" ("Böyük yürüş-4B") cümə axşamı Yerin məsafədən zondlanması üçün nəzərdə tutulan "Şiczyan-26" (Shijian 26) peykini uğurla orbitə çıxarıb.

ABC.AZ xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

1,3 tonluq faydalı yükləri Günəş-sinxron orbitə çıxarmaq qabiliyyətinə malik iki mərhələli yüngül raketin buraxılışı ölkənin şimal-qərbində yerləşən Ciuçüan kosmodromundan Pekin vaxtı ilə saat 12:12-də (Bakı vaxtı ilə 08:12-də) həyata keçirilib. Peyk raketdən ayrıldıqdan sonra nəzərdə tutulan orbitə yerləşib.
Cihaz əsasən torpaq idarəçiliyi, ətraf mühitin mühafizəsi və digər sahələrdə istifadə olunacaq, milli iqtisadi inkişafın dəstəklənməsi üçün informasiya xidmətləri təqdim edəcək.