Azərbaycanda neçə fərdi sahibkar qeydiyyata alınıb?

11:52 - 25.04.2025


25 aprel, Fineko/abc.az. 2025-ci il yanvarın 1-nə olan məlumata əsasən, Azərbaycanda 1.4 milyondan çox fərdi sahibkar qeydiyyata alınıb.

ABC.AZ xəbər verir ki, bunu Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti  cənab Məmməd Musayev bu gün keçirilən "Sahibkarlar günü"nə və 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar “Konstitusiya və Suverenlik” - Azərbaycanda sahibkarlığın inkişafı” mövzusunda konfransda deyib.

"Bundan əlavə, 212 mindən artıq hüquqi şəxs statusuna malik sahibkarlıq subyekti fəaliyyət göstərir ki, bu da əvvəlki illə müqayisədə 7,1% artım deməkdir. Xüsusilə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında sahibkarlıq fəaliyyəti sürətlə inkişaf etməkdədir.

Sahibkarların qarşılaşdığı məsələlərin operativ şəkildə həllinə nail olmaq üçün yaradılan əlverişli mexanizmlərdən biri də Əməkdaşlıq Şuralarıdır. Hazırda Konfederasiyanın Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Azərbaycan Mərkəzi Bankı, Dövlət Gömrük Komitəsi ilə Əməkdaşlıq Şuraları fəaliyyət göstərir. Bu Şuralar sahibkarların qaldırdıqları məsələlərin həllində müstəsna rola malikdir və dövlət-özəl dialoqunun ən işlək mexanizmlərindən biridir", - deyə o qeyd edib.